Bakıda Purim bayramı qeyd olundu

Bakıda Purim bayramı qeyd olundu


Tədbirə qatılan qonaqlar bir-birlərinə ərzaq bağlamaları – “mişloax manot” təqdim etdilər, Ester kitabının oxunuşunu dinlədilər və bayram süfrəsindən zövq aldılar. Axşamın aparıcısı tanınmış dağ yəhudisi ifaçısı Xayyam Nisanov idi. Aşkenaz yəhudiləri sinaqoqunun baş ravvini Şneor Seqal bütün yəhudiləri Purim bayramı münasibətilə təbrik edərək bildirdi ki, Ulu Yaradan yəhudi xalqını xilas etmişdir.

“Tariximizdə yəhudi xalqının məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı yeganə dəfə bu idi. Üstündən demək olar ki, 2500 il keçib və biz bu bayramı birlikdə qeyd edirik. Bayramın təşkilinə kömək edən hər kəsə – Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovskiyə, sədr müavini Yevgeni Brenneysenə təşəkkürümü bildirirəm. Bu artıq sayca dördüncü tədbirdir. Ümumilikdə tədbirlərdə təxminən 550 nəfər iştirak edib. Bundan əlavə, hər dəfə bayram günlərində yəhudilərə dəstək verən STMEGI Fondunun rəhbəri Herman Zaxaryayevi də xüsusi təşəkkürlə qeyd etmək istəyirəm. Təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirəm – siz olmasaydınız, bu bayram baş tutmazdı. Bayramınız mübarək!”

Öz növbəsində, İsrailin Azərbaycandakı səfiri Corc Dik də Azərbaycandakı yəhudi icmalarının bütün nümayəndələrini və dünya yəhudilərini Purim bayramı münasibətilə təbrik etdi.

“Səfirlik kollektivi bu gözəl bayramda iştirak etməkdən məmnundur. Bayram tədbirinin təşkili üçün əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm. Eyni zamanda, İsraili və Azərbaycanı təbrik etmək istəyirəm – çünki çox yaxın zamanda Azərbaycanın İsraildə səfirliyi açılacaq. Bu, ikitərəfli münasibətlərdə yeni bir səhifə olacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənova, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərova və bu bayramı bizimlə birlikdə qeyd edən digər şəxslərə də təşəkkür edirəm,” – deyə səfir qeyd edib.