Yəhudi ənənəsində Purim – 5783/2023-cü il

ב"ה
Yəhudi təqviminin 3404-cü ilində (2379 il əvvəl) Nisan ayının 13-də Farsda (Persiyada) yüksək vəzifəli şəxs Aman təşəbbüsü ilə o dövrdə 127 ölkəni əhatə edən imperiyanın bütün yəhudilərinin məhv edilməsi haqqında fərman verildi. Fərmanın icrası elanından 11 ay sonra – Adar ayının 13-də müəyyən edildi, çünki Aman tərəfindən atılan püşk Adar ayına düşmüşdü. İvrit dilində “püşk” – “pur”dur. Bayramın adı da buradan – “Purim” yaranmışdır. Hadisələrin sonu məlumdur: yəhudilər xilas oldu, pis niyyətli Aman isə asıldı.
O vaxtdan bəri Adarın 14-ü (2023-cü ildə, 6 mart axşamından) Purim kimi qeyd olunur. Bu, bayram sayılmır, çünki Tövratda bayram kimi qeyd olunmayıb. Bu gündə bir-birini “Purim sameax” sözləri ilə salamlayırlar, “Xaq sameax!” demirlər. İnanca görə, Məsih gəldikdən sonra Purim əsas bayram gününə çevriləcək, çünki Purim yəhudi xalqının məhvdən xilas olmasını simvolizə edir. Yəhudi xalqının İsrail Torpağına daxil olduğu dövrdə şəhər divarları olan şəhərlərdə Purim ertəsi gün, yəni Adarın 15-də (2023-cü ildə, 7 mart axşamından) qeyd olunur. İsraildə bu şəhərlər İerusalim, Hevron və Sfaddır.
Bəzi şəhərlərdə Purim hər iki gün (Adarın 14-ü və 15-i) qeyd olunur. Məsələn, Lod şəhərində, burada qədim şəhər divarlarının xarabalıqları var ki, onları yuxarıda sadalanan şəhərlərlə eyni dövrə aid etmək olar. Hər iki gündə Ester Kitabı, TANAxda daxil olan beş kitabdan biri, oxunur. Adarın 15-dəki qeyd etmə Şuşan-Purim adlanır (Şuşan – Purim hadisələrinin baş verdiyi Fars paytaxtının adıdır).
Ənənəyə görə, Purim günü şərabla ziyafət təşkil etmək əmr olunur, çünki Ester Kitabında ziyafətlər (Ahaşveroşun, Vaştinin və Esterin iki ziyafəti) təsvir olunur. Bu zaman şərabı o qədər içmək olar ki, içən “pis Amana lənət” və “saleh Mordexaya xeyir-dua” sözlərini ayırd edə bilməsin. Bunun səbəbi həm də hər iki ifadənin ivritdəki rəqəmsal ekvivalentinin eyni rəqəm – 502 olmasıdır.
Lakin XX əsrin ən hörmətli ravvinlərindən biri olan Xafets Xaim (1838–1933) “Mişna Brura” traktatında deyir ki, “insan Purimdə sevinci artırmalıdır, lakin sərxoş olub vəhşilik və axmaqlıq etməməlidir, çünki söhbət yəhudi xalqının qaçılmaz məhvdən möcüzəvi xilasının xatirəsinə olan sevinclə bağlıdır”. “Şulxan Arux” qaydalar toplusuna əlavələrdə isə qeyd olunur ki, “insan adətən içdiyindən artıq içməli, yuxuya getməli və pis Amanı saleh Mordexaydan ayırd edə bilməməlidir”. Deməli, məsələ içilən şərabın miqdarında deyil, möcüzəvi xilasın sevincini dərk etməkdədir.
Purim günü dörd əmr yerinə yetirilir: Ester Kitabının oxunması (dinlənilməsi), bayram ziyafəti və şənlik, “mişloax manot” – yemək mübadiləsi və kasıblara kömək.
E.ə. 161-ci ilin Adar ayının 13-də (Xanuka dövründə) Yəhuda Makkaveyin qoşunları İerusalim Məbədini dağıtmaqla hədələyən Nikanor başçılığındakı yunanları məğlub etdi. Bu gün yəhudi xalqı üçün bayram – Nikanor Günü oldu və Purim möcüzəsi 194 il sonra eyni Adar ayının 13-də təkrarlandı!
Şən Purim! Purim sameax!
Yakov İovnoviç tərəfindən hazırlanmışdır