Yəhudi Yeni ili Roş A-Şana nə üçün iki gün qeyd olunur?

Yəhudi Yeni ili Roş A-Şana nə üçün iki gün qeyd olunur?


5783-cü ilin Yeni ilinin və Tişrey ayının başlanğıcı – 2022-ci il sentyabrın 25-i bazar günü axşamından başlayır.

Yəhudi ənənəsinə əsasən, yeni ilə (Roş A-Şana) hazırlıq Ellul ayında başlayır. Bu ay ərzində keçən ilin yekunları çıxarılır: insan öz üzərində işləyir, etdiyi səhvləri etiraf edir və gələcəkdə onları təkrarlamamağa söz verir. “Slihot” duaları bu peşmançılığı ifadə etmək üçün deyilir.

Bu proses Roş A-Şana’dan sonra da davam edir – Yom Kipur gününə qədər. O zaman tövbənin nəticələri yekunlaşdırılır və insanın qarşıdakı il üçün taleyi bağlanır. Roş A-Şana’nın ilk günündən Yom Kipur’a qədər olan on günə Tövbə günləri deyilir. Roş A-Şana iki gün qeyd olunur və 27 sentyabr çərşənbə günü axşamı göydə üç ulduz göründükdən sonra başa çatır. İsrail torpağından kənarda isə Yom Kipur istisna olmaqla, bütün bayramlar iki gün qeyd olunur.

Qədim zamanlarda Məbəd mövcud olarkən, ayların başlanğıcı iki şahidin yeni ayı görməsi ilə müəyyən edilirdi. Onlar Sanhedrin – Ali Yəhudi Məhkəməsi qarşısında bu barədə şahidlik edirdilər. Tənaxda qeyd olunan bütün bayramlar (Şavuot istisna olmaqla) ayın əvvəlində deyil, sonrakı günlərdə qeyd olunur. Şavuot – Sivan ayının altıncı gününə təsadüf edir. Roş A-Şana isə Tişrey ayının birinci gününə düşür. Buna görə də müdriklər ehtiyat edirdilər ki, yeni ayla bağlı şahidlik İsrailin özündə belə gecikə bilər və nəticədə, bayramın ilk gecəsi adi bir gecə kimi keçə bilərdi ki, bu da Tövratın qanunlarına zidd olardı.

Bu səbəbdən Ellul ayının son günü Roş A-Şana-nın birinci günü elan edildi. Müdriklər beləliklə, İsraildə belə Roş A-Şana-nın iki gün qeyd olunmasına qərar verdilər. Ayların başlanğıcı elan edilən kimi xəbərçilər bütün yəhudilərin yaşadığı ərazilərə göndərilirdi. Lakin bu xəbəri uzaq məntəqələrə çatdırmaq həmişə mümkün olmurdu. Bu səbəbdən, İsrail torpağından kənarda olan yəhudi icmaları üçün bayramların iki gün qeyd olunması qərara alındı. Daha sonra yəhudi təqvimi tərtib edildikdən sonra bu qayda qorunub saxlanıldı. Gələn 5783-cü il – yəhudi təqviminin 19 illik dövrünün 15-ci ili sayılır.

Roş A-Şana bayramının xüsusiyyətləri: bayramın ilk axşamında süfrədə bayrama aid “simvollar” qeyd olunur – alma və bal ilə birlikdə “şirin və xoşbəxt il”, çuğundurla “düşmənlərimiz yox olsun”, nar ilə “savablarımız nar dənəsi qədər çox olsun”, xurma ilə “bizə nifrət edənlər aradan qalxsın”, balıq başı ilə “ilin başı olaq, quyruğu yox” deyilir. Simvollardan biri ikinci bayram axşamı üçün ayrılır ki, həmin gün də süfrədə yeni il simvolu olsun.

Səhər dualarında, əgər bu gün Şənbəyə düşmürsə, hər iki gün də qoç buynuzu – Şofar çalınır, bu da Düzəltmə simvoludur. Bayramın daha bir ənənəsi Roş A-Şana’nın ilk gününün sonunda (əgər həmin gün Şənbəyə təsadüf etmirsə) yerinə yetirilir – “Taşliх” ayini. Bu, günahların bağışlanması üçün dua ilə müşayiət olunur. Ayişən bir su kənarında (çay, göl və ya hər hansı su mənbəyi) edilir və günahların simvolik olaraq suya atılması ilə başa çatır. “Taşliх” – “göndərmək, atmaq” mənasına gəlir.

Roş A-Şana’nın ilk günündən Yom Kipur’a qədər bir-birinə “Gmar Xatima Tova” – “Yaxşı Yazı və Möhür!” arzusu ilə salam verilir.

Yeni 5783-cü iliniz mübarək! Həyat Kitabında Yaxşı Yazı və Möhür arzu edirik!

Yakov Yovnöviç