Yəhudi ənənəsində TU BE AV – 5785 / 2025-ci il

ב"ה
“Bein ha-Metsarim” (“İki sıxıntı arasında”) dövrünün sonunda, toyların və digər bayram tədbirlərinin keçirilmədiyi, bir sıra məhdudiyyətlərin tətbiq edildiyi (saç və dırnaq kəsilməz, yeni işlərə başlanmaz, yeni evə köçülməz və s.) 9 Av matəm günündən sonra, sevinc dövrü başlayır. Bu dövrün zirvəsi isə Av ayının 15-i – 2025-ci ildə 9 avqusta (8 avqust cümə axşamından cümə gününə keçən axşamdan başlayaraq) təsadüf edir. Bu gün “Sevgi Günü” adlanır.
Bu ad haradan qaynaqlanır? Yəhudi xalqı peyğəmbər Musa tərəfindən Kənan torpağına göndərilən 12 qəbilə nümayəndəsinin 10-dan “bu torpağa daxil ola bilməyəcəyik” deyə bildirməsi ilə bu torpağa inamını itirmişdi. Bu inamsızlığa görə, həmin 10 qəbilənin nümayəndələrinə və yetkinlik yaşına çatmış nəsillərinə səhrada ölmək hökmü verilmişdi. Növbəti 38 il ərzində hər 9 Av tarixində bu 10 qəbilədən müəyyən sayda insanlar ölürdü. Lakin səhrada keçən 40-cı ildə 9 Av günü heç kim ölmədi. Xalq əvvəlcə bunun hələ 9 Av olmadığını düşündü (çünki o zaman ayın başlanğıcı iki şahidin Ayın doğmasını görməsi ilə müəyyən edilirdi). Lakin göydə Ayın tamamilə dolması (bu isə Av ayının 15-i demək idi) onların səhv etmədiyini sübut etdi.
Beləliklə, Av ayının 15-i – daha əvvəl göndərilmiş casusların inamsızlıq günahının bağışlandığı gün oldu.
Sevgi Gününün başqa bir məqamı da var: İsrail torpağının 12 qəbilə tərəfindən fəthindən sonra bu torpaq onların arasında bölüşdürüldü (2,5 qəbilə İordan çayının o tayında qalsa da, fəthdə digərləri ilə birlikdə iştirak etmişdi). Hər qəbilənin həyatı öz ərazisinin hüdudları ilə məhdudlaşmışdı. Bu hadisələr TƏNAX-ın “Peyğəmbərlər” adlanan hissəsinin ilk üç kitabında ətraflı təsvir olunur.
“Qiyamçılar” kitabının sonuncu fəslində bir Levi qəbiləsindən olan kişinin başına gələn hadisədən bəhs olunur. Onun kənizi (heç biri adla göstərilmir; qadının rəsmi arvad olmaması səbəbindən o, kəniz adlandırılır) ondan qaçmışdı və kişi onun ailəsini razı salaraq geri qaytarmaq üçün yola çıxmışdı. Onlar geri qayıdarkən, Binyamin qəbiləsinə aid olan Geva adlı şəhərcikdə bir qocanın evində gecələdilər. Lakin şəhər sakinləri əxlaqsız çıxıb, gəlməni onlara təhvil verməyi tələb etdilər – kişi ilə qeyri-təbii əlaqə qurmaq üçün. Ev sahibi buna razı olmadı, onlar isə kənizə təcavüz edib onu vəhşicəsinə öldürdülər.
Təfərrüatlara varmadan deyək ki, bu xəbəri eşidən digər qəbilələr Geva şəhərinin sakinlərinin bu rəzalətli hərəkətinə görə, Binyamin qəbiləsindən olan oğlanlara heç vaxt qız verməyəcəklərinə and içdilər. Hətta bu məsələ qəbilələr arasında müharibəyə səbəb oldu. Bu müharibə uzun və qanlı oldu. Başlanğıcda Binyamin döyüşçüləri üstün gəldi, lakin sonradan digər qəbilələrin birgə hücumu nəticəsində Binyamin qəbiləsi demək olar ki, məhv edildi – sağ qalan cəmi 600 kişi idi. Onlar üçün artıq kifayət qədər gəlin yox idi, bu isə qəbilənin tamamilə yox olması demək idi.
Və o zaman Binyamin qəbiləsini xilas etmək üçün bir yol tapıldı: Av ayının 15-də – üzüm yığım bayramı günü (üzüm – İsrail Torpağının yeddi müqəddəs meyvəsindən biridir), Şilo ətrafında, həmin dövrdə Müqəddəs Məbədin yerləşdiyi yerdə, müxtəlif qəbilələrdən olan gənc oğlanlar və qızlar bir araya gəlməli, oğlanlar orada özlərinə gəlin tapmalı və onları “qaçırmalı” idilər. “Qaçırmalı” sözünün məğzi ondadır ki, qızlarını Binyamin qəbiləsinin oğlanlarına verməməyə and içmiş qəbilələr bu qadağanı pozmadan bu evliliyə icazə vermək istəyirdilər.
Beləliklə, Av ayının 15-i (T[ט] və U[ו] yəhudi əlifbasında 15 ədədinin hərf qarşılığıdır, buradan da – Tu be Av adı yaranır) Sevgi Günü – xalqın birliyi və barışıq günü oldu. Bu hadisə nəticəsində Binyamin qəbiləsi xilas edildi və 15 Av günü minilliklər boyu davam edən ənənəyə çevrildi – Sevgi Günü!
Bu günlərdə, xüsusən də son illərdə, Av ayının 15-i yalnız dindarlar arasında deyil, İsrail cəmiyyətinin digər təbəqələri tərəfindən də qeyd olunur. Bayram tədbirləri təşkil olunur, oğlan və qızlar arasında tanışlıqlar baş tutur. İki minillik ənənə davam edir!
Hazırladı: Yakov Yovnoviç