Yəhudi ənənəsində Purim – 5785/2025-ci il

ב"ה
Yəhudi təqviminin 3404-cü ilində (2381 il əvvəl) Nisan ayının 13-də Farsda (Persiyada) yüksək vəzifəli şəxs Aman təşəbbüsü ilə o dövrdə 127 ölkəni əhatə edən imperiyanın bütün yəhudilərinin məhv edilməsi haqqında fərman verildi. Fərmanın icrası elanından 11 ay sonra – Adar ayının 13-də müəyyən edildi, çünki Aman tərəfindən atılan püşk Adar ayına düşmüşdü. İvrit dilində “püşk” – “pur”dur. Bayramın adı da buradan – “Purim” yaranmışdır. Hadisələrin sonu məlumdur: yəhudilər xilas oldu, pis niyyətli Aman isə asıldı. O vaxtdan bəri Adarın 14-ü (2025-ci ildə, 13 mart axşamından) Purim kimi qeyd olunur. Bu, bayram sayılmır, çünki Tövratda bayram kimi qeyd olunmayıb. Bu gündə “Purim sameax” deyilir, “Xaq sameax!” deyil.
İnanca görə, Məsih gəldikdən sonra Purim əsas bayram gününə çevriləcək, çünki Purim yəhudi xalqının məhvdən xilas olmasını simvolizə edir. Yəhudi xalqının İsrail Torpağına daxil olduğu dövrdə şəhər divarları olan şəhərlərdə Purim ertəsi gün, yəni Adarın 15-də (2025-ci ildə, 14 mart axşamından) qeyd olunur. İsraildə bu şəhərlər İerusalim, Hevron, Sfad və Loddur. Purim ərəfəsində Ester Orucu tutulur. 2025-ci ildə Adarın 15-i şənbə gününə düşür, bu gündə oruc tutmaq olmaz, buna görə oruc 13 mart 2025-ci il, cümə axşamına (səhərdən axşama qədər) keçirilir. Adarın 15-dəki qeyd etmə Şuşan-Purim adlanır (Şuşan Purim hadisələrinin baş verdiyi Fars paytaxtının adıdır).
Ənənəyə görə, Purim günü Ester Kitabını iki dəfə (axşam və səhər) dinləmək, hədiyyələr göndərmək, xüsusilə kasıblara, və şərabla ziyafət təşkil etmək əmr olunur, çünki Ester Kitabında ziyafətlər (Ahaşveroşun, Vaştinin və Esterin iki ziyafəti) təsvir olunur. Bu zaman şərabı o qədər içmək olar ki, içən “pis Amana lənət” və “saleh Mordexaya xeyir-dua” sözlərini ayırd edə bilməsin. Bunun səbəbi həm də hər iki ifadənin ivritdəki rəqəmsal ekvivalentinin eyni rəqəm – 502 olmasıdır.
Lakin XX əsrin ən hörmətli ravvinlərindən biri olan Xafets Xaim (1838–1933) “Mişna Brura” traktatında deyir ki, “insan Purimdə sevinci artırmalıdır, lakin sərxoş olub vəhşilik və axmaqlıq etməməlidir, çünki söhbət yəhudi xalqının qaçılmaz məhvdən möcüzəvi xilasının xatirəsinə olan sevinclə bağlıdır”. “Şulxan Arux” qaydalar toplusuna əlavələrdə isə qeyd olunur ki, “insan adətən içdiyindən artıq içməli, yuxuya getməli və pis Amanı saleh Mordexaydan ayırd edə bilməməlidir”. Deməli, məsələ içilən şərabın miqdarında deyil, möcüzəvi xilasın sevincini dərk etməkdədir.
E.ə. 161-ci ilin Adar ayının 13-də (Xanuka dövründə) Yəhuda Makkaveyin qoşunları İerusalim Məbədini dağıtmaqla hədələyən Nikanor başçılığındakı yunanları məğlub etdi. Bu gün yəhudi xalqı üçün bayram – Nikanor Günü oldu və Purim möcüzəsi 194 il sonra eyni Adar ayının 13-də təkrarlandı! Bu bayram İkinci Məbədin dağıdılmasına qədər qeyd olunurdu, sonra ləğv edildi.
Təxminən iki yarım minillik tarix boyu ilahi qayda dəfələrlə yəhudiləri tam məhvdən və uzun illər əziyyətdən xilas etmişdir. Belə ki, Purim günlərində Rusiya çarı I Nikolay (bəzi versiyalara görə, özünü öldürmüş) qəflətən vəfat etdi. O, qatı antisemit və yəhudilərin təqibçisi idi, 30 illik hakimiyyəti dövründə qəbul etdiyi 1200 fərmandan 600-ü yəhudilərə qarşı idi.
Purim günlərində II Nikolay taxtdan imtina etdi və bu, Rusiya İmperiyasında “yəhudi məskən zolağı”nda yaşayan yəhudilərin yüz illərlə davam edən qeyri-azadlığına son qoydu. 1943-cü ilin Purim ərəfəsində Stalinqrad döyüşündə alman ordusu məğlub edildi və bu, İkinci Dünya Müharibəsində Almaniyanın tam məğlubiyyətinin başlanğıcı oldu. Nəhayət, Purim günlərində yəhudilərə qarşı qanlı repressiyaya hazırlaşan Stalin vəfat etdi.
Ümid edək ki, bu il Purim günlərində də yəhudi xalqının bütün düşmənləri üzərində qələbənin şahidi olacağıq! Qoy belə olsun! Purim sameax!
Yakov İovnoviç tərəfindən hazırlanmışdır