5784/2024-cü il – Yəhudi ənənəsində Adar Alef ayı

ב"ה
2024-cü il fevralın 8-i cümə axşamı axşamdan başlayaraq fevralın 10-u şənbə gününün sonuna qədər yəhudi təqviminin ayları dəyişir – Şəvat ayı yerini Adar ayına verir. Lakin bu il fərqlidir – bu, kabisə (uzun) ildir və yəhudi təqvimində iki “Adar” ayı olur: birincisi Adar Alef (א), sonra isə Adar Bet (ב).
Bu nə üçün baş verir? Qriqorian təqvimi günəşə, müsəlman təqvimi isə tamamilə aya əsaslanır. Yəhudi təqvimi isə həm ay, həm də günəş təqviminin prinsiplərini birləşdirir. Ay ayları günəş aylarından qısadır. Əgər əlavə Adar ayı olmasaydı, Pesax bayramı qeyd olunan Nisan ayı bəzi illərdə yaz mövsümünə deyil, ilin başqa vaxtlarına düşə bilərdi. Bu isə Tövrata zidd olardı, çünki Tövratda Pesaxın yazda qeyd olunması əmr olunur.
Bu problemi həll etmək üçün yəhudi təqvimi 19 illik dövrdə 7 dəfə əlavə Adar ayı əlavə edir. Niyə məhz 7 dəfə? Çünki 19 ilin sonunda ay aylarının cəmi günəş aylarının cəmi ilə müqayisədə 7 ay geridə qalır.
Yəhudi ənənəsinə görə birinci Adar ayı (Adar Alef) ilə nə bağlıdır? Yalnız kabisə illərdə olan bu ayda Adar Alef ayında vəfat etmiş şəxslərin yahrzeit (anım) günü həmin bu Adar Alef ayında qeyd olunur. Əgər il adi ildir və yalnız bir Adar ayı varsa, bu zaman belə problem ortaya çıxmır.
Bəs Purim hansı Adarda qeyd olunur? Cavab – ikinci Adarda, yəni Adar Bet ayında. Çünki Purimin baş verdiyi il kabisə ili idi və möcüzəvi qurtuluş da ikinci Adar ayında baş vermişdi. Amma bəzi icmalar birinci Adarda “Kiçik Purim” (“Purim Katan”) adlı xüsusi gün qeyd edir – bu il o gün fevralın 22-si axşamdan başlayır. Həmin gün matəm duaları oxunmur.
“Purim Katan”ın başqa bir ənənəsi də var – bəzi icmalarda bu gün Adar ayının ortasında deyil, öz tarixlərində qeyd olunur. Məsələn, İsrailin Tveriya şəhərində “Purim Katan” avqust-sentyabr aylarında – Elul ayının 4-də qeyd olunur. Səbəb isə budur ki, çox-çox əvvəl həmin gün Tveriyanın mühasirəsi başa çatıb və şəhər sakinləri möcüzəvi şəkildə qurtulublar.
Adar ayının 7-ci günü Musa peyğəmbərin həm doğulduğu, həm də vəfat etdiyi gündür. O, 120 il ömür sürüb. Vəfatından sonra onun dəfn olunduğu yer məlum deyil. Bu fakt yəhudi ənənəsində həmin günü naməlum məzarda dəfn olunanlar üçün ümumi anım günü kimi qeyd etməyə səbəb olub. O gün oruc tutulması da adətdir, çünki Musa peyğəmbər böyük saleh idi və saleh insanın vəfatı yaşayanların günahlarına kəffarə hesab olunur.
Musa peyğəmbər yəhudi təqvimi ilə 1488-ci il Adar ayının 7-də vəfat edib (bu miladi ilə e.ə. 1272-ci ildir).
Sonda isə yəhudi təqviminin dəqiqliyinə dair bir sübut: hər yeni yəhudi ayının ilk günü gecə səmasına baxın. Əgər hava açıqdırsa və buludlar yoxdursa, yenicə yaranmış ayın incə hilalını görəcəksiniz. Min illər keçməsinə baxmayaraq bu hadisə hər zaman tam dəqiqliklə yeni ayın başlanğıcında baş verir. Bu, möhtəşəm bir dəqiqlik nümunəsidir!
Adar Alef ayınız mübarək olsun!
Hazırladı: Yakov Yovnoviç