Bakıda “Dinin siyasiləşdirilməsi: zərərli nəticələr” mövzusunda konfrans keçirilib

Bakıda “Dinin siyasiləşdirilməsi: zərərli nəticələr” mövzusunda konfrans keçirilib


Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli nəticələr” mövzusunda konfrans keçirilib.

11 yanvar tarixində Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan tədbirdə ölkədəki müxtəlif konfessiyaları təmsil edən dini icma rəhbərləri və dini xadimlər iştirak ediblər.

Azərbaycan Avropa Yəhudiləri İcmasını konfransda Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal təmsil edərək çıxış edib.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Evdayev, Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Avropa Yəhudiləri Dini İcmasının ravvini Şneor Seqal, Alban-Udin Xristian Dini İcmasının sədri Robert Mobili, Gürcüstan Yəhudiləri Dini İcmasının sədri Zamir İsayev, Azərbaycanın Bəhai Mərkəzinin katibi Ramazan Əsgərli və Azərbaycan Müqəddəs Kitab Cəmiyyətinin sədri Rasim Xəlilov ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının hesabatını və ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqların guya məhdudlaşdırıldığı ölkələr siyahısına daxil etməsini yekdilliklə pisləyiblər.

Onlar həmin sənədlərdə Azərbaycanla bağlı yer alan böhtan xarakterli fikirlərin qərəzli olduğunu qeyd ediblər. Müxtəlif dini konfessiyaların nümayəndələri Azərbaycanda dini zəmində heç bir qarşıdurma, ayrı-seçkilik və ya təzyiqlə üzləşmədiklərini bildirərək, ABŞ Dövlət Departamentini obyektiv mövqe tutmağa çağırıblar.