27 yanvar tarixində Bakıda Avropa Yəhudilərinin Sinaqoqunda Holokost Qurbanlarını Anma Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, İsrail Dövlətinin Azərbaycandakı səfiri, Milli Məclisin deputatı, yəhudi icmalarının rəhbərləri, 30-a yaxın ölkənin səfirləri və yəhudi icmasının üzvləri iştirak etdilər.
“Xabad-Or-Avner” yəhudi məktəbinin şagirdlərinin çıxışından sonra səsləndirilən nitqlərdə vurğulandı ki, biz Holokost qurbanlarını daim xatırlayacaq və onların xatirəsinin qorunması üçün səylərimizi davam etdirəcəyik.
Çıxış edənlər arasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev də var idi.
Tədbirdə o da qeyd olundu ki, dünyada antisemitizmin artmasına baxmayaraq, Bakı hər zaman olduğu kimi bu gün də tolerantlıq, qarşılıqlı hörmət və müxtəlif xalqların və dinlərin dinc birgəyaşayış məkanıdır.
Tədbir, Holokost qurbanlarının xatirəsinə şamların yandırılması və duaların – o cümlədən "Kadiş" duasının – oxunması ilə başa çatdı.
İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışı
Bir neçə gün əvvəl bu çıxışı hazırlayarkən BBC-nin 1945-ci ildə çəkdiyi verilişə rast gəldim — Almaniyada yerləşən ölüm düşərgəsi Bergen-Belzenin azad edilməsindən cəmi beş gün sonra lentə alınmış reportaj idi. Həmin an televizorumda İsrailin “Avroviziya” müsabiqəsi üçün keçirilən seçim turu gedirdi.
Bir baxışda bu iki hadisə bir-birindən tamamilə fərqli görünürdü. Lakin izlədikcə onların dərin əlaqəsini anladım.
1945-ci ilin aprelində BBC-nin müxbiri Patrik Qordon-Uoker, britaniyalı və kanadalı azadlıq qüvvələri ilə birlikdə Bergen-Belzenə daxil oldu. Onları qarşıda nə gözlədiyini heç nə ilə təsəvvür etmək mümkün deyildi: 60 min əsir – əldən düşmüş, sarsılmış, cəsədlər dağları arasında qalmış insanlar. Onların çoxu artıq xilas edilə bilməyəcək vəziyyətdə idi.
Qordon-Uoker dəhşətli sözlərlə bu mənzərəni təsvir etdi:
“Mən baryerdən keçdim və kabus dünyasına düşdüm. Canlılar, başlarını cəsədlərə söykəyərək uzanmışdılar, ətrafda isə çaşqınlıq içində gəzən arıqlamış və məhv olmuş insanların qorxunc, kölgəvari dəstəsi dolaşırdı. Orada gördüklərim məni ömür boyu izləyəcək.”
Bu gün biz Auschwitz-Birkenau ölüm düşərgəsinin azad edilməsinin 80 illiyini qeyd edirik. Çoxları düşünür ki, azadlıq – əzabların sonu idi. Amma bu belə deyil. Xilasedilən insanlar ya biganə, ya da düşmən münasibətli bir dünyaya qayıtdılar. Bu “qurtulan qalıq” – ivritcə “Sheerit ha-Pleyta”nın hekayəsidir.
Müharibədən sonra bir çoxları öz doğmalarını axtarırdı, lakin bu axtarışların əksəriyyəti ürəkdağlayan nəticələrlə bitirdi. Bütöv icmalar Yer üzündən silinmişdi. Polşa, Macarıstan və digər ölkələrdə qayıdan yəhudilər nifrətlə qarşılandı. 1946-cı ildə Polşanın Kelçe şəhərində baş verən pogrom zamanı onlarla yəhudi qətlə yetirildi. Yerli əhali yəhudilərin geri qayıdaraq onların ələ keçirdikləri mülkləri geri tələb edəcəyindən qorxurdu. Qorxu nifrətə, nifrət isə qan tökülməsinə çevrildi.
Müttəfiqlər sağ qalanları Avropanın müxtəlif yerlərində yerləşən müvəqqəti düşərgələrə (DP – Displaced Persons) topladılar. Bu düşərgələr əvvəlki ölüm düşərgələrindən daha yaxşı idi, lakin həqiqi çıxış yolu təqdim etmirdi. Şərait çətin, resurslar məhdud idi. Sərhədlər isə bağlı qalmışdı. Sığınacaq verə biləcək ölkələr susqunluq nümayiş etdirirdi. Kanada immiqrasiya məmuruna soruşulduğunda ki, ölkə nə qədər yəhudini qəbul etməyə hazırdır, o, dəhşətli dərəcədə səmimi bir cavab verdi:
"Sıfır — bu artıq çoxdur."
Çoxları üçün bu DP düşərgələri azadlığın əsl azadlıq olmadığını acı şəkildə xatırladırdı. Lakin bu dağıntıların içində dözüm doğuldu. Onlar özlərinə “Sheerit ha-Pleyta” – Qurtulan Qalıq adını verdilər. Bu Bibliyadan gələn ifadə, həm faciənin ağırlığını, həm də ümidi özündə daşıyırdı.
Onlar dağıdılmış həyatlarını sıfırdan qurmağa başladılar. Məktəblər açır, dini həyatı bərpa edir, Almaniya və Avstriyada kibbutzlar yaradırdılar. 1947-ci ilə qədər minlərlə gənc sağ qalan insan yenidən dirçəlməkdə olan yəhudi dövlətində – İsraildə gələcəyə hazırlaşırdı.
Onlardan biri 1931-ci ildə Lüksemburqda doğulmuş Avraham Nov idi. Səkkiz yaşında ikən nasistlər onun şəhərindəki bütün yəhudi uşaqları topladılar. Anası ona kiçik bir bağlama verdi – diş fırçası, dəsmal və skripka. Nasist zabiti musiqi alətini görüb soruşdu: "Çalmağı bacarırsan?" Avraham qutunu açdı və altı alman xalq mahnısı ifa etdi.
Zabit sakitcə qulaq asdı. Sonra iki əsgərə onu düşərgədə öz evinə aparmalarını əmr etdi. Musiqi onun xilası oldu – o, nasistlər üçün çalaraq sağ qaldı, ailəsinin digər üzvləri isə öldürüldü. Müharibədən sonra Avraham İsrailə gəldi. Orada evləndi, ailə qurdu və onu xilas edən musiqini öyrətməyə həsr etdi. Müəllim kimi o, ölkə boyu minlərlə uşağa ilham verdi. Mən onlardan biri olmuşam. Onun hekayəsi – qurtulanların inanılmaz gücünün simvoludur.
O və onun kimilər sadəcə sağ qalmadılar – onlar dözülməz itkiləri yaşamağa qətiyyətlə can atmaqla cavab verdilər. Onlar məhv olmuş külün içindən yeni bir yəhudi dövləti – İsraili qurmağa nail oldular. Onlar bizə üç əsas dərs qoyub getdilər:
Birinci dərs: Şərə qarşı mənəvi aydınlıqla mübarizə aparmaq.
Dünya nasizminin təhlükəsini yalnız Holokostdan sonra tam dərk etdi. Bu gün biz bənzər korluq halını İran və onun kuklaları – o cümlədən HƏMAS – məsələsində görürük. Təkrar-təkrar liderlər qətiyyət yerinə güzəşt axtarırlar. Lakin şərə qarşı çıxılmazsa – o, yalnız böyüyür.
İkinci dərs: Özünə güvən – gələcəyin açarıdır.
Qurtulanlar anladılar ki, başqasının mərhəmətinə ümid bağlamaq olmaz. İsrail onların sonuncu sığınacağına çevrildi. Bu gün, İsrail yeddi cəbhədə müharibə apararkən, dünya boyu antisemitizm artarkən bu həqiqət daha da güclü səslənir: İsrail tək qalmamalıdır. Lakin əgər qalmalı olsa – tək də dayanacaq.
Üçüncü dərs: Dözüm – ümiddən başlayır.
Yenidən 1945-ci ilə, Bergen-Belzen düşərgəsinə qayıdaq. Cümə günü axşam – Şənbə günü öncəsi – ravvin L. Hartman son altı ildə sağ qalanlar üçün ilk Şəbbat mərasimini keçirdi. Yorğun, sarsılmış insanlar “Hatikva” – Ümid Himnini oxuyurdular.
Bu sözlər ölüm mahnısı kimi deyil, həyat və azadlıq haqqında himn kimi səslənirdi. Onlar tamamladıqda Ravvin Hartman qışqırdı:
“Am İsrael Xay!” – İsrail xalqı yaşayır!
Bu, sadəcə hayqırtı deyildi. Bu, bir vəd idi.
İndi isə 2025-ci ilə qayıdaq. Bir neçə gün əvvəl İsrail Yuval Rafael adlı gənc müğənnini Avroviziya müsabiqəsi üçün seçdi. 7 oktyabrda Yuval Nova festivalında idi – həmin gün HƏMAS hücum etdi. O, öldürülmüş dostlarının cəsədləri altında yeddi saat gizləndi.
İndi isə o, səhnədədir, səsi gur səslənir – və həmin səsdə Bergen-Belzenin sağ qalanlarının səsində eşidilənlə eyni ruh var. Tale ilə döyüş, yaşamağa iradə.
May ayında Yuval Avroviziya səhnəsinə çıxanda, nifrətlə üzləşə bilər. Amma o, qürurla, əlində İsrail bayrağı, sınmaz ruhla dayanacaq. O zaman biz hamımız bir yerdə hayqıracağıq:
Аm – İsrael – Xay!
İsrail xalqı yaşayır!